“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endiriləcək.
Sosialmedia.az xəbər verir ki, bu, yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində öz əksini tapıb.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, “Dövlət qulluğu sertifikatı”nın qüvvədəolma müddəti 2 il müəyyən ediləcək.
Layihəyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən rübdə ən azı bir dəfə test imtahanlarının keçirilməsi nəzərdə tutulur. Test imtahanında iştirak üçün ödənişin məbləğini də həmin qurum müəyyən edəcək.
Müsabiqədə ilk dəfə iştirak edən şəxslər, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, həmçinin şəhid ailəsi üzvləri üçün test imtahanında iştirak haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Qeyd edilib ki, qüvvədə olan “Dövlət qulluğu sertifikatı”na malik şəxslər sertifikatın qüvvədə olduğu hər il ərzində beş vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində ödənişsiz iştirak üçün qeydiyyatdan keçə biləcəklər.
Beşdən artıq vəzifə üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən şəxslər üçün isə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək.
143 views
