Sosialmedia.az

Dövlət qulluqçuları və hərbçilərin pensiya qaydaları dəyişir

Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların və səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təminatı mexanizminin təkmilləşdirilməsini nəzərdə tutan qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Sosialmedia.az xəbər verir ki, qanun layihəsi parlamentin payız sessiyasının plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklərin əsas məqsədi pensiya təminatında vahid sosial sığorta prinsiplərinin tətbiqi, mövcud mexanizmlərin təkmilləşdirilməsi və pensiya məbləğlərinin şəxslərin fərdi hesablarında toplanmış pensiya kapitalı əsasında müəyyən edilməsidir.

Hazırda dövlət qulluqçularının pensiya məbləği müəyyən hallarda əməkhaqqındakı artımlarla, hərbi qulluqçuların pensiyası isə sonuncu təminat xərcliyi ilə əlaqələndirilir. Yeni yanaşmaya əsasən, bu əlaqənin aradan qaldırılması və pensiyaların fərdi şəxsi hesablarda qeydə alınmış pensiya kapitalı əsasında hesablanması nəzərdə tutulur.

Dövlət qulluqçularına aylıq pensiya əlavəsi veriləcək

Layihəyə əsasən, dövlət qulluqçularına pensiya kapitalı əsasında ümumi qaydada pensiya təyin ediləcək. Bununla yanaşı, mövcud qanunvericilikdə nəzərdə tutulan qulluq stajına görə əlavə əvəzinə aylıq pensiya əlavəsinin verilməsi təmin olunacaq.

Aylıq əlavənin məbləği dövlət qulluqçularının inzibati təsnifatı üzrə müəyyən ediləcək. Səlahiyyət müddətinə görə pensiya alan şəxslər üçün isə konkret vəzifələr üzrə sabit məbləğdə əlavə nəzərdə tutulur.

Dəyişikliklərin dövlət qulluqçularının pensiya təminatında qeyri-bərabərliyin aradan qaldırılmasına və pensiya təyinatının elektron qaydada, proaktiv şəkildə həyata keçirilməsinə imkan yaradacağı bildirilir.

Hərbi qulluqçuların pensiya təminatında da dəyişiklik olacaq

Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların pensiya təminatı mexanizminin də yenilənməsi təklif edilir. Yeni qaydalara əsasən, pensiya məbləği ilə sonuncu təminat xərcliyi arasındakı əlaqənin aradan qaldırılması və hesablamaların fərdi pensiya kapitalı əsasında aparılması nəzərdə tutulur.

Bununla yanaşı, hərbi qulluqçulara qulluq stajına görə əlavə əvəzinə sabit məbləğdə aylıq pensiya əlavəsi təyin ediləcək. Əlavənin məbləği hərbi rütbələr üzrə müəyyənləşdiriləcək.

Pensiya və pensiya kapitallarının indeksləşdirilməsi dəyişəcək

Qanun layihəsində əmək pensiyalarının və fərdi hesablarda toplanmış pensiya kapitallarının indeksləşdirilməsi mexanizminin təkmilləşdirilməsi də nəzərdə tutulur.

Hazırda əmək pensiyaları ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun, pensiya kapitalları isə istehlak qiymətləri indeksinə əsasən indeksləşdirilir.

Yeni yanaşmaya əsasən, pensiyaların və pensiya kapitallarının vahid qaydada deyil, diferensial formada indeksləşdirilməsi təklif olunur. Bu çərçivədə yüksək məbləğli pensiya və pensiya kapitallarına fərqli yanaşılması, aşağı məbləğlərin isə əvvəlki kimi tam həcmdə indeksləşdirilməsi nəzərdə tutulur.

Bildirilib ki, dəyişikliklər Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığının gücləndirilməsinə, aşağı məbləğli pensiyaların artırılmasına və minimum pensiyanın mütəmadi yüksəldilməsi imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Qeyd edək ki, qanun layihəsi parlamentdə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

101 views