Sosialmedia.az

Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır – Ödənişlər artırıla bilər

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketinin hazırlanmasına başlanılıb.

Sosialmedia.az APA-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, 2018-ci ildən etibarən ölkədə beş sosial islahat paketi icra olunub. Həmin paketlər çərçivəsində ayrılan əlavə vəsaitin illik həcmi 8 milyard manat təşkil edir.

Anar Əliyev Vətən müharibəsində qazanılmış Zəfərin altıncı ildönümü günlərində keçirilən forumda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən sosial dəstək tədbirlərindən də danışıb.

O, “SOCGOV 2026” forumunun Xankəndidə keçirilməsinin simvolik əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, tədbir işğaldan azad edilmiş ərazilərdə qurulan yeni həyatın və ağıllı şəhər konsepsiyasının təqdimatı baxımından xüsusi önəm kəsb edir.

Nazir, həmçinin sosial xidmətlərin elektronlaşdırılması, əlilliyin qiymətləndirilməsi, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi və inzibati proseslərin avtomatlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, DOST mərkəzlərində göstərilən xidmətlərin 90 faizdən çoxu elektronlaşdırılıb. Sosial islahatların nəticələri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Bu sahədə əldə olunan nailiyyətlər 300-dən çox beynəlxalq mükafat və sertifikatla təltif olunub.

45 views