Sosialmedia.az

Hacıqabul və Göyçayda yeni Sosial Xidmət Mərkəzləri fəaliyyətə başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin daha iki ixtisaslaşmış Sosial Xidmət Mərkəzi istifadəyə verilib.

Sosialmedia.az xəbər verir ki, yeni mərkəzlər Hacıqabul və Göyçay rayonlarında yerləşir. Burada çətin həyat şəraitində olan şəxslərə ixtisaslı mütəxəssislər tərəfindən reabilitasiya xidmətləri göstəriləcək.

Mərkəzlərdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün psixoloji, pedaqoji, loqopedik və aktiv terapiya xidmətləri təşkil olunacaq. Bununla yanaşı, uşaqların valideynləri də valideynlik bacarıqlarının artırılması məqsədilə müvafiq təlimlərə cəlb ediləcəklər.

Yeni mərkəzlərin fəaliyyətə başlaması sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə, xüsusi qayğıya ehtiyacı olan şəxslərin reabilitasiyasına və onların cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyır.

Hazırda Sosial Xidmətlər Agentliyinin ölkə üzrə Abşeron, Sabunçu, Nərimanov, Yasamal, Ağdam, Hacıqabul və Göyçay rayonlarında olmaqla, ümumilikdə 7 Sosial Xidmət Mərkəzi, həmçinin Sumqayıt şəhərində bir Sosial Xidmət Kabineti fəaliyyət göstərir.

Qeyd edək ki, bu müəssisələrdə hazırda 300-ə yaxın şəxs dövlət qayğısı ilə əhatə olunur.

80 views