“Orta Dəhliz qlobal ticarət və nəqliyyat sistemində strateji əhəmiyyətini artırır. Geosiyasi gərginliklər fonunda alternativ marşrutlara tələbatın yüksəlməsi Azərbaycanın tranzit imkanlarını daha da ön plana çıxarır. Zəngəzur marşrutunun açılması isə həm Orta Dəhlizin funksionallığını genişləndirə, həm də regionda yeni iqtisadi əməkdaşlıq imkanları yarada bilər”.
Bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev .az-a açıqlamasında deyib.
Deputat bu barədə danışarkən bildirib ki, Azərbaycan Orta Dəhlizin əsas iştirakçılarından və strateji aktorlarından biridir:

Fotoda: Milli Məclisin deputatı Tural Gəncəliyev
“Rusiya-Ukrayna müharibəsi Şimal Dəhlizinin fəaliyyətini məhdudlaşdırdığı, Yaxın Şərqdəki gərginlik isə cənub istiqamətindəki mühüm nəqliyyat marşrutları üçün risklər yaratdığı bir vaxtda Orta Dəhlizin əhəmiyyəti daha da artır.
Orta Dəhliz hazırda dünyanın əsas nəqliyyat-kommunikasiya xətlərindən birinə çevrilib. Bu dəhliz üzərində yerləşən Azərbaycan onun ən mühüm ölkələrindən və əsas iştirakçılarından biridir. Çindən Avropaya qədər uzanan bu marşrutun Zəngəzur istiqamətinin açılması ilə daha da genişlənəcəyi və tam funksional hala gələcəyi gözlənilir”.
Tural Gəncəliyev qeyd edib ki, Orta Dəhliz geosiyasi baxımdan fərqli mövqelərdə dayanan beynəlxalq güc mərkəzləri arasında da əməkdaşlıq platformasına çevrilə bilər:
“Başqa istiqamətlərdə geostrateji rəqib olan dövlətlərin məhz bu dəhliz üzərində əməkdaşlıq qurması mümkündür. Çinlə Avropa arasında ticarət əlaqələrinin inkişafı və digər böyük iqtisadi güclərin qarşılıqlı əməkdaşlığı baxımından Orta Dəhliz ortaq maraq platforması rolunu oynaya bilər”.
Deputat Zəngəzur marşrutunun açılmasının Ermənistan üçün də mühüm iqtisadi əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, uzun illər davam edən özünütəcrid siyasəti Ermənistanın iqtisadi və geosiyasi imkanlarını zəiflədib:
“Ermənistan başa düşür ki, 35 ildən artıq davam edən özünütəcrid siyasəti ölkəni zəiflədib. Regionda formalaşan yeni nəqliyyat sistemindən kənarda qalmaq Ermənistan üçün əlavə iqtisadi itkilər yarada bilər. Əgər Ermənistan bu böyük nəqliyyat dəhlizinə qoşulmaq istəyirsə, təxminən 42-43 kilometrlik ərazidə zəruri infrastrukturun yaradılması istiqamətində işləri sürətləndirməlidir”.
Millət vəkili Azərbaycanın mövcud nəqliyyat və enerji infrastrukturunun ölkəyə əlavə üstünlüklər qazandırdığını da diqqətə çatdırıb. O bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi Azərbaycanın beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirir:
“Zəngəzur marşrutunun açılması Azərbaycanın mövcud nəqliyyat əlaqələrini daha da şaxələndirəcək. Ermənistan üçün bu marşruta qoşulmaq daha böyük əhəmiyyət daşıyır. Azərbaycanın isə Qərbə çıxış üçün artıq bir neçə alternativ infrastrukturu mövcuddur.
Orta Dəhlizin əhəmiyyəti yalnız tranzit daşımaları ilə məhdudlaşmır. Mərkəzi Asiyanın zəngin təbii ehtiyatları və kritik mineralları qlobal texnologiya sənayesi üçün də böyük əhəmiyyət daşıyır.
Litium batareyalarının, yeni nəsil çiplərin və digər yüksək texnologiyalı məhsulların istehsalı üçün tələb olunan xammalın təminatında Mərkəzi Asiya türk dövlətlərinin resursları mühüm rol oynaya bilər. Bu resursların Şərqdən Qərbə, Qərbin texnologiya və investisiyalarının isə əks istiqamətdə daşınması baxımından Orta Dəhliz strateji əhəmiyyət daşıyır”.
Deputat qeyd edib ki, Azərbaycanın həm Orta Dəhliz, həm də Şimal-Cənub nəqliyyat marşrutu üzərində yerləşməsi ölkənin geoiqtisadi mövqeyini gücləndirir və onu Avrasiyanın əsas logistika qovşaqlarından birinə çevirmək potensialını artırır.


