Sosialmedia.az

Bakıda özəl məktəblərin qiymətləri açıqlandı – illik təhsil haqqı 22 700 manata çatır

Azərbaycanda dövlət məktəblərində ümumi təhsil ödənişsiz olsa da, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəbin tədris proqramı və təhsil haqqı seçimə təsir edən əsas amillərdən olur.

2026-2027-ci tədris ilində özəl məktəblərdə illik təhsil haqları məktəbin, sinfin və tədris proqramının xüsusiyyətlərindən asılı olaraq dəyişir. Bəzi təhsil müəssisələrində qiymətlər ötən illə müqayisədə artıb, digərlərində isə fərqli qiymət aralıqları müəyyən edilib.

Sosialmedia.az Trend-ə istinadən xəbər verir ki, özəl məktəblərin builki təhsil haqları ilə bağlı araşdırma aparıb.

Özəl məktəblərdə illik təhsil haqları

Hədəf Liseyi

2026-2027-ci tədris ilində liseydə illik təhsil haqqı filial, tədris dili və proqramdan asılı olaraq 4 000-12 000 manat arasında dəyişir. Ötən tədris ilində bu məbləğ 5 000-9 000 manat olub.

LANDAU School

İbtidai siniflərdə (I-IV) illik təhsil haqqı 9 200 manatdır. Ötən il bu məbləğ 6 300-8 700 manat arasında dəyişib.

V-VII siniflərdə təhsil haqqı 10 700 manat, VIII-IX siniflərdə 11 500 manat təşkil edir. X-XI siniflər üzrə SAT proqramının qiyməti 11 650 manat, A-Level proqramının qiyməti isə 14 400 manatdır. Ötən tədris ilində illik təhsil haqları 7 300-13 600 manat arasında olub.

Xəzər Universiteti Dünya Məktəbi

I-IV siniflərdə (PYP, ingilis bölməsi) illik təhsil haqqı 9 500 manat, V-IX siniflərdə (MYP, ingilis bölməsi) 11 000 manatdır.

X-XI siniflərdə IB Diplom Proqramı üzrə təhsil haqqı məktəbin hazırkı şagirdləri üçün 12 000 manat, digər məktəblərdən gələnlər üçün isə 14 000 manat təşkil edir.

Bakı Oxford Məktəbi

Məktəbəqədər hazırlıq pilləsində illik təhsil haqqı 9 000 manat, ibtidai siniflərdə 17 000-17 500 manat, orta siniflərdə isə 18 000-19 000 manatdır.

Yuxarı siniflərdə təhsil haqqı proqramdan asılı olaraq 17 500-22 700 manat arasında dəyişir. Məktəbəqədər hazırlıq və ibtidai siniflərə qəbul zamanı 100 manat müraciət haqqı da nəzərdə tutulub.

Ötən tədris ilində ibtidai siniflərdə illik təhsil haqqı 17 000-17 500 manat, yuxarı siniflərdə isə 17 500-20 500 manat olub.

Kaspi Liseyi

Liseydə illik təhsil haqları filial və bölmədən asılı olaraq 6 000-11 100 manat arasında dəyişir. Təhsil haqqına dərsliklər, gündə üç dəfə qidalanma, bir ödənişsiz dərnək və məktəbli forması daxildir.

Ötən tədris ilində illik təhsil haqları 8 350-9 450 manat arasında olub.

Azərbaycan Britaniya Kolleci

Məktəbəqədər təhsil 11 000 manat, I-VI siniflər 20 000 manat, VII-XII siniflər 21 000 manat, XIII sinif (A-Level) üzrə isə 22 000 manatdır.

Avropa Azərbaycan Məktəbi

Məktəbdə məktəbəqədər təhsil 9 000 manat, I-IV siniflər 12 500 manat, V-IX siniflər 14 500 manat, X-XII siniflər isə 17 500 manat təşkil edir.

Ötən tədris ilində illik təhsil haqları 11 250-16 250 manat arasında dəyişib.

SABIS SUN International School

2026-2027-ci tədris ili üzrə illik təhsil haqları sinif səviyyəsindən asılı olaraq 12 206-17 000 manat arasında dəyişir. Ötən il bu məbləğ 14 400-15 900 manat olub.

Bakı Modern Təhsil Kompleksi

I-IV siniflər üzrə illik təhsil haqqı Azərbaycan bölməsində 13 000 manat, ingilis bölməsində isə 18 000 manatdır. IX-XI siniflərdə ingilis bölməsi üzrə təhsil haqqı 17 000 manat təşkil edir.

Ödənişə gündə üç dəfə qidalanma, xarici dil dərsləri, üzgüçülük, şahmat, gimnastika, rəqs, robototexnika və digər dərnəklər daxildir. Ötən il illik təhsil haqları 12 000 manatdan başlayıb.

30 views