Sosialmedia.az

MMX 20 min manatlıq elektron köçürmələrlə bağlı qaydalara dəyişiklik edəcək

Maliyyə Monitorinqi Xidməti (MMX) “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”na dəyişiklik etməyə hazırlaşır.

Sosialmedia.az xəbər verir ki, bu barədə MMX məlumat yayıb.

Bildirilib ki, hazırda qaydalara dəyişiklik layihəsinə yenidən baxılır. Daha effektiv mexanizmin tətbiqi məqsədilə müvafiq düzəlişlərin hazırlanması nəzərdə tutulur.

Qeyd olunub ki, layihə MMX rəhbərliyinə təqdim ediləcək və qısa müddət ərzində qəbul olunması planlaşdırılır.

Yenidən baxılan məsələlər sırasında 20 min manatdan yuxarı elektron köçürmələrlə bağlı maliyyə institutlarının MMX-yə məlumat və sənədlər təqdim etməsi mexanizmi də yer alır.

Xatırladaq ki, oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin ümumi məbləği 20 min manata çatdıqdan sonra həyata keçirilən hər növbəti elektron köçürmə barədə MMX-yə məlumat təqdim edilməsi nəzərdə tutulurdu.

Bu mexanizm ictimaiyyətdə müzakirələrə səbəb olmuşdu. Belə ki, illik 20 min manatlıq hədd aylıq orta hesabla təxminən 1 667 manat təşkil edir. Bu məbləğ keçildikdən sonra növbəti elektron köçürmələrin MMX-yə təqdim edilməsi ilə bağlı yanaşma birmənalı qarşılanmayıb.

MMX-nin açıqlamasına əsasən, hazırda məsələyə yenidən baxılır və daha səmərəli mexanizmin hazırlanması üzərində iş aparılır.

89 views