Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı hazırlanan yeni qanunvericilik layihəsində sığorta tariflərinin artırılması nəzərdə tutulmur.
Sosialmedia.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov qurumun 2026-cı ilin birinci yarısı üzrə “Maliyyə Sabitliyi Hesabatı”na həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanunvericilik layihəsi aidiyyəti dövlət qurumları ilə birgə hazırlanıb.
Vüsal Qurbanov qeyd edib ki, layihənin əsas məqsədi vətəndaşların sığorta təminatının keyfiyyətini yüksəltmək, onların hüquqlarını daha dolğun qorumaq və sığorta məbləğlərini mövcud risklərə uyğun müəyyənləşdirməkdir.
Baş direktor bildirib ki, sığorta məbləğlərinin müəyyənləşdirilməsi zamanı tariflərin düzgün hesablanması da mühüm əhəmiyyət daşıyır.
Bununla belə, o vurğulayıb ki, hazırlanmış qanunvericilik dəyişiklikləri çərçivəsində daşınmaz əmlakın icbari sığortası üzrə tariflərin artırılması planlaşdırılmır.
81 views
