Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi nəzərdə tutulur. Bununla bağlı hazırlanmış layihə artıq Nazirlər Kabinetinə təqdim edilib.
Sosialmedia.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov qurumun 2026-cı ilin birinci yarısı üzrə “Maliyyə Sabitliyi Hesabatı”na həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, daşınmaz əmlakın icbari sığortası sisteminin təkmilləşdirilməsi məqsədilə müvafiq qanunvericilik layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Ataxan Həsənov, həmçinin Azərbaycanda zəlzələ risklərinin qiymətləndirilməsi üçün ölkəyə məxsus xüsusi katastrofik risk modellərinin hazırlanması layihəsinin tamamlandığını bildirib.
Departament direktorunun sözlərinə görə, 2026-cı ilin birinci yarısında sığorta sektorunda bir sıra digər tənzimləyici tədbirlər də həyata keçirilib.
Belə ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə tarif əmsallarını, taksi fəaliyyətini və digər əlaqəli istiqamətləri əhatə edən qaydalar təsdiqlənib.
Bununla yanaşı, kasko sığortası, avtomobil sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası və fiziki şəxslərin fərdi qəza sığortası üzrə ümumi şərtləri müəyyən edən qaydalar qəbul edilib.
Ataxan Həsənov əlavə edib ki, aqrar sığorta sisteminin institusional strukturunun təkmilləşdirilməsi məqsədilə hazırlanmış qanunvericilik dəyişiklikləri layihəsi də razılaşdırılması üçün müvafiq dövlət qurumlarına göndərilib.
Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası ilə bağlı nəzərdə tutulan dəyişikliklərin qüvvəyə minməsi üçün qanunvericilik prosedurlarının tamamlanması tələb olunur.
83 views
