Azərbaycana gətirilən mobil cihazların saxta IMEI kodları ilə qeydiyyata alınmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Sosialmedia.az Metbuat.az-a istinadən xəbər verir ki, bu günədək 86 813 IMEI kodunun kopyalandığı aşkarlanıb.
AZCON Holding şirkətlərindən olan AzInTelecom MMC-dən bildirilib ki, aşkar edilən kopyalanmış IMEI kodlarının hər biri Mobil Cihazların Qeydiyyatı Sistemi (MCQS) tərəfindən bloklanıb. Bununla yanaşı, bloklanmış IMEI kodları ilə Azərbaycan mobil rabitə şəbəkəsinə qoşulma cəhdlərinin də qarşısı alınıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkənin telekommunikasiya şəbəkəsində istifadə olunması üçün IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir.
AzInTelecom MMC vətəndaşlara mobil telefon almamışdan əvvəl cihazın qutusu üzərində göstərilən IMEI kodunu myGov portalı vasitəsilə yoxlamağı və alış zamanı yalnız etibarlı satış məntəqələrinə üstünlük verməyi tövsiyə edir.
41 views
