Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən 1 milyard 248,485 milyon manat sığorta haqqı toplanılıb.
Sosialmedia.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, toplanan sığorta haqlarının həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artıb.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin ümumi məbləği isə 882,723 milyon manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,1 faiz çoxdur.
Məlumata əsasən, 2026-cı ilin ilk 9 ayında sığorta bazarında toplanan hər 100 manat sığorta haqqının 70,7 manatı ödənişlərə yönəldilib. Ötən ilin eyni dövründə bu göstərici 59,1 manat olub.
Beləliklə, sığorta haqlarının artımı ilə yanaşı, ödənişlərin həcmi də yüksəlib. Toplanan hər 100 manat sığorta haqqına düşən ödəniş məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 manat artıb.
16 views
