Sosialmedia.az

Şəhid ailələri üçün “Sağlam ruh” adlı tədbir keçirilib

Şəhid ailələrinin sosial inteqrasiyasını gücləndirmək və onların psixoloji rifahına dəstək olmaq məqsədilə “Sağlam ruh” adlı tədbir təşkil olunub.

Sosialmedia.az xəbər verir ki, oktyabrın 21-də “Sosial dəstək – sağlam gələcək” layihəsi çərçivəsində keçirilən görüş Vətən müharibəsinin 6-cı ildönümünə həsr olunub. Tədbirdə şəhidlərimizin həyat yoldaşları və övladları iştirak ediblər.

Proqram çərçivəsində valideynlər üçün ana-uşaq münasibətlərinə həsr olunmuş interaktiv seminar təşkil edilib. Uşaqlar üçün isə onların psixoloji və sosial inkişafını dəstəkləyən müxtəlif oyunlar və fəaliyyətlər keçirilib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və “ReNova” Psixologiya və Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbir iştirakçılar üçün maarifləndirici və dəstəkləyici mühit yaradıb.

Görüşün sonunda mütəxəssislər valideynlərin uşaqların inkişafı ilə bağlı suallarını cavablandırıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıblar.

Tədbirin əsas məqsədi şəhid ailələrinə sosial və psixoloji dəstəyin göstərilməsi, valideynlərin maarifləndirilməsi və uşaqların sağlam inkişafına töhfə verilməsidir.

52 views