Arıqlama iynələrindən istifadə edənlərin sayı açıqlandı

Arıqlama iynələrindən istifadə edənlərin sayı açıqlandı

Dünyada arıqlama məqsədilə istifadə olunan iynələrə maraq sürətlə artır. Bu preparatlardan istifadə edənlərin sayının 100 milyonu keçdiyi bildirilir.

Sosialmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünya üzrə arıqlama iynələrindən istifadə edənlərin sayı 100 milyonu ötüb. Türkiyədə də bu preparatların istifadəsi altı dəfə artıb. Həkim Lale Dicle Güneş artımın yarıdan çoxunun dərmanlardan tibbi göstəriş olmadan istifadə edənlərlə bağlı olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, arıqlama iynələrinin nəzarətsiz və məqsədindən kənar istifadəsi ciddi sağlamlıq problemlərinə yol açır. Bu preparatların yalnız tibbi göstəriş əsasında və həkim nəzarəti altında tətbiq edilməsi vacibdir.

Digər tərəfdən, dərmanlara tələbatın kəskin artması onların bazarda tapılmasını da çətinləşdirib. Nəticədə artıq çəki və piylənmə problemi ilə əlaqədar bu preparatlara həqiqətən ehtiyacı olan xəstələr də dərman təminatında çətinliklə üzləşirlər.

Mütəxəssislər arıqlama iynələrindən sadəcə kosmetik məqsədlə və həkim məsləhəti olmadan istifadənin təhlükəli olduğunu vurğulayırlar.

32 views