Ümumdünya Səhiyyə Təşkilatı tütün istifadəsinin hər il 7 milyondan çox insanın ölümünə səbəb olduğunu açıqlayıb və hökumətləri gəncləri nikotin asılılığından qorumağa çağırıb.
Sosialmedia.az xarici mediaya istinadən bildirir ki, qurum 31 may – Ümumdünya Tütünsüz Günü münasibətilə yayımladığı son hesabatda qeyd edir ki, dünyada 13–15 yaş arası ən azı 40 milyon uşaq tütün məhsullarından istifadə edir. Xüsusilə elektron siqaretlər və nikotin paketlərinin gənclər arasında istifadəsi sürətlə artır.
Hesabatda vurğulanır ki, tütün və nikotin şirkətləri məhsullarını qəsdən daha cəlbedici və istifadəsi asan formada təqdim edir. Məqsəd isə yeniyetmələr və gənclər arasında asılılıq yaratmaqdır. ÜST nikotinin xüsusilə inkişaf mərhələsində olan beyin üçün ciddi təhlükə yaratdığını bildirir.
Qurum hökumətlərə ətirli məhsulların qadağan edilməsi, reklam və sponsorluğun məhdudlaşdırılması, həmçinin siqaret və elektron siqaretlərin qapalı məkanlarda istifadəsinin tam qadağan olunması kimi tədbirlər görməyi tövsiyə edir.
Hesabatda sosial mediada təşviq edilən nikotin paketlərinin də sürətlə yayıldığı qeyd olunur. Bildirilir ki, təxminən 160 ölkədə bu məhsullarla bağlı xüsusi tənzimləmələrin olmaması milyonlarla insanı risk altında qoyur.
ÜST-ün məlumatına görə, dünyada 1 milyarddan çox insan tütün və nikotin məhsullarından istifadə edir. Bu vərdiş ürək-damar xəstəlikləri, tənəffüs problemləri və 20-dən çox xərçəng növü ilə birbaşa əlaqəlidir.
ÜST rəsmisi Etienne Krug bildirib ki, böyük tütün şirkətləri ənənəvi siqaretlərdən qazanc əldə etməyə davam etməklə yanaşı, yeni nikotin məhsulları vasitəsilə gələcək nəsilləri hədəf alır.
235 views
