Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gənclər arasında inklüzivlik mühitinin gücləndirilməsi, fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası və asudə vaxtlarının səmərəli təşkili məqsədilə “Gənclərdə inklüzivliyin artırılması” mövzusunda tədbir keçirilib.
Sosialmedia.az xəbər verir ki, tədbir Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD) İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Abşeron-Xızı regional nümayəndəliyi və Sumqayıt Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutub.Görüş çərçivəsində fiziki məhdudiyyətli gənclərin böyük zəhmət və yaradıcılıqla ərsəyə gətirdikləri əl işlərindən ibarət xüsusi sərgi təşkil olunub. Sərgidə nümayiş etdirilən fərqli sənət nümunələri, rəsm əsərləri və əl işləri qonaqlar tərəfindən böyük maraq və heyranlıqla qarşılanıb. Eyni zamanda, gənclərin intellektual və sosial bacarıqlarını nümayiş etdirmələri üçün müxtəlif əyləncəli və idrakı oyunlar keçirilib, komanda ruhunu stimullaşdıran fəaliyyətlər icra olunub.
Tədbirin ən diqqətçəkən hissələrindən biri də fiziki məhdudiyyətli şəxslərin şəhər mühitində sərbəst və maneəsiz hərəkətini, eləcə də onların aktiv idman həyatına cəlb olunmasını təmin etmək məqsədilə hazırlanan “İnklüziv şəhər nəqliyyatı – Velomobil”in təqdimatı olub. İnnovativ dizaynı və funksionallığı ilə seçilən velomobil iştirakçılara nümayiş etdirilib və layihə iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.Sosial layihədə fəal iştirak edən, həmçinin sərgidə və oyunlarda öz bacarıqları ilə seçilən fiziki məhdudiyyətli gənclər təşkilatçılar tərəfindən diqqətdən kənarda qalmayıb. Tədbirin sonunda gənclərə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin fəxri diplomları və hədiyyələri təqdim olunub.
Təşkilatçılar bu növ inklüziv tədbirlərin cəmiyyətdə bərabərlik prinsiplərinin qorunması və xüsusi qayğıya ehtiyacı olan gənclərin potensialının üzə çıxarılması baxımından mütəmadi olaraq davam etdiriləcəyini vurğulayıblar.








