Əmək qanunvericiliyinə əsasən, işçinin ezamiyyətə göndərilməsi zamanı onun bir sıra əmək və sosial təminatları qorunur.
Sosialmedia.az xəbər verir ki, işçi ezamiyyətdə olduğu müddətdə, o cümlədən yolda olduğu vaxt ərzində əsas iş yeri (vəzifəsi) və orta əməkhaqqı saxlanılır.
Ezamiyyətə göndərilən işçinin qanunvericiliklə müəyyən edilmiş normalardan az olmayan məbləğdə ezamiyyə xərcləri almaq hüququ var.
İşçinin ezamiyyətə getdiyi və ya ezamiyyətdən qayıtdığı gün işəgötürənin tapşırığı ilə istirahət və ya iş günü hesab edilməyən bayram gününə təsadüf etdikdə, həmin gün üçün əmək qanunvericiliyinə uyğun olaraq əlavə əməkhaqqı və ya əlavə istirahət günü verilir.
Ezamiyyətdə olduğu müddətdə işçi əmək qabiliyyətini müvəqqəti itirdikdə və səhhətinə görə xidməti tapşırığı yerinə yetirmək və ya daimi yaşayış yerinə qayıtmaq imkanında olmadıqda, bu hal müvafiq qaydada təsdiq edilməklə ona müəyyən edilmiş qaydada ezamiyyə xərcləri ödənilir. Həmin dövr üçün işçiyə ümumi əsaslarla əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilir.
Qeyd edək ki, qanunvericilikdə bəzi işçi kateqoriyalarının ezamiyyətə göndərilməsi ilə bağlı məhdudiyyətlər də müəyyən olunub. 18 yaşına çatmamış işçilərin ezamiyyətə göndərilməsi qadağandır.
172 views
