Sosialmedia.az

İT sektoruna böyük vergi dəstəyi – Yeni paket nələri dəyişəcək?

Azərbaycanda innovasiya ekosisteminin inkişafını sürətləndirmək, startapların maliyyə yükünü azaltmaq və texnologiya şirkətlərinin fəaliyyətini stimullaşdırmaq məqsədilə yeni güzəşt mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

Sosialmedia.az xəbər verir ki, təqdim olunan güzəşt paketində əsas istiqamətlər elmi-tədqiqat və təcrübi-konstruktor fəaliyyətinin (R&D) təşviqi, texnoloji uğursuzluq riskinin azaldılması, intellektual mülkiyyətin kommersiyalaşdırılması, bulud xidmətləri, texnoloji avadanlıqların idxalı və kadr hazırlığı ilə bağlıdır.

Paketə əsasən, startaplara, texnopark rezidentlərinə və elmi müəssisələrə sifariş edilən, yaxud innovasiya məhsulunun yaradılması üçün bilavasitə aparılan R&D işlərinə çəkilən xərclərə 2,5 əmsal tətbiq olunması, başqa sözlə, faktiki xərcin 250 faizinin gəlirdən çıxılmasına imkan verilməsi təklif edilir.

Diqqətçəkən yeniliklərdən biri də innovasiya fəaliyyətinə xas olan texnoloji uğursuzluq riskinin vergi baxımından nəzərə alınmasıdır. Belə ki, R&D fəaliyyəti nəticəsində yaradılan məhsul obyektiv səbəblərdən uğursuz olarsa, ona çəkilən xərclərin vergitutma məqsədləri üçün əsaslandırılmış xərc kimi qəbul edilməsi nəzərdə tutulur. Bu yanaşma nəticəsi əvvəlcədən təmin edilməyən innovativ layihələrə sərmayə qoyuluşu zamanı biznesin üzləşdiyi risklərin bir hissəsinin yumşaldılmasına hesablanıb.

Güzəşt paketinin digər mühüm istiqaməti texnologiya transferidir. Müəllif hüququ ilə qorunan qeyri-maddi aktivlərin, o cümlədən proqram təminatı və nou-haunun satışı və ya istifadəyə verilməsindən əldə edilən gəlirin 95 faizinin vergidən azad olunması təklif edilir.

Paket texnologiya biznesinin gündəlik fəaliyyətində mühüm xərc istiqamətlərindən olan bulud infrastrukturunu da əhatə edir.

Startap və texnopark rezidentlərinin xaricdən aldığı SaaS, IaaS və PaaS bulud hesablama xidmətləri üzrə ödəniş mənbəyində verginin tutulmaması, həmçinin həmin xidmətlər üzrə ƏDV-nin hesablanmaması nəzərdə tutulur.

İT və innovasiya şirkətlərinin idxal etdiyi texnoloji avadanlıq, qurğu və ehtiyat hissələrinin isə 20 il müddətinə ƏDV-dən, 10 il müddətinə gömrük rüsumlarından azad edilməsi təklif olunur.

Eyni zamanda, insan kapitalının inkişafı üçün ayrıca təşviq mexanizmi nəzərdə tutulub. İşçilərin peşə hazırlığına və yeni ixtisasa yiyələnməsinə çəkilən xərclərin əməyin ödənişi fondunun 3 faizədək olan hissəsinin gəlirdən çıxılması təklif edilir.

“Məqsəd startapların bizneslərini inkişaf etdirməsinə imkan yaratmaqdır”

Məsələni şərh edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri Sabina Hümbətzadə bildirib ki, nəzərdə tutulan dəyişikliklər startapların üzərindəki maliyyə yükünün azaldılması və onların inkişaf imkanlarının genişləndirilməsinə xidmət edir.

Onun sözlərinə görə, innovativ məhsulun hazırlanması əhəmiyyətli maliyyə vəsaiti tələb edir və belə layihələrdə nəticənin uğurlu olacağına əvvəlcədən təminat yoxdur. Bu baxımdan, texnoloji uğursuzluq baş verdiyi hallarda çəkilmiş xərclərin nəzərə alınması innovasiya fəaliyyəti ilə məşğul olan şirkətlər üçün mühüm mexanizm ola bilər.

Hümbətzadə həmçinin bulud hesablama xidmətlərinin müasir startap və texnologiya şirkətlərinin ən çox istifadə etdiyi infrastruktur imkanlarından olduğunu vurğulayıb. Bu xidmətlər üzrə vergi yükünün azaldılması şirkətlərin əməliyyat xərclərini aşağı salmaqla yanaşı, vəsaitlərini məhsulun hazırlanmasına, təkmilləşdirilməsinə və biznesin genişləndirilməsinə yönəltməsinə əlavə imkan yarada bilər.

Beləliklə, təklif olunan paket yalnız ayrı-ayrı vergi güzəştlərini deyil, ideyanın hazırlanmasından R&D mərhələsinə, texnoloji infrastrukturdan məhsulun kommersiyalaşdırılmasına qədər innovasiya biznesinin müxtəlif mərhələlərini əhatə edən təşviq mexanizmlərini özündə birləşdirir.

170 views