Sosialmedia.az

DOST Mərkəzlərində 360-dək benefisiar təlimlərə cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında hazırda 360-dək benefisiar müxtəlif istiqamətlər üzrə təlimlərdə iştirak edir.

Sosialmedia.az xəbər verir ki, benefisiarlardan 187 nəfəri Mərkəzdə, digərləri isə İsmayıllı və Bərdədə fəaliyyət göstərən “DOST Evi” filiallarında xidmətlərdən yararlanır.

2021-ci ilin oktyabrında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı kimi fəaliyyət göstərir.

Mərkəz və filiallarında əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas qruplara aid şəxslər təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma və tikmə, bədii oyma və digər istiqamətlər üzrə təlimlərə cəlb olunurlar.

Məlumata görə, ötən dövrdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarının xidmətlərindən 1055 benefisiar faydalanıb.

Təlim və ustad dərsləri vasitəsilə benefisiarların yaradıcı potensialının inkişaf etdirilməsinə, bacarıqlarının artırılmasına və onların cəmiyyətə inteqrasiyasına dəstək göstərilir.

284 views