Sosialmedia.az

Azərbaycan XİN-dən İran nazirinin açıqlamasına sərt reaksiya

İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı açıqlaması Azərbaycan tərəfinin təəccüb və təəssüfünə səbəb olub.

Sosialmedia.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Elm və Təhsil Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, İran rəsmisinin açıqlaması tamamilə yersizdir və Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyil.

“Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır”, – deyə açıqlamada vurğulanıb.

Azərbaycan tərəfi İran rəsmilərinə başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə, öz ölkələrindəki problemlərlə məşğul olmağı tövsiyə edib.

Açıqlamada, həmçinin İranda Azərbaycan dilində təhsilin vəziyyətinə diqqət çəkilib. Bildirilib ki, İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan məktəb yoxdur və ali təhsil müəssisələrində də Azərbaycan dilində təhsil verilmir.

Qeyd olunub ki, İran əhalisinin təxminən 40 milyonunu etnik azərbaycanlılar təşkil edir. Onlar onilliklərdir ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər.

Azərbaycan Elm və Təhsil Nazirliyi hesab edir ki, İranın elm, tədqiqat və texnologiya naziri, eləcə də bu mövzuda açıqlamalar verən digər şəxslər Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə, məhz öz ölkələrindəki bu problemlərin həlli ilə məşğul olmalı və uzun illərdir davam edən ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görməlidirlər.

16 views