Azərbaycanda qadınlar və kişilər üçün fərqli pensiya yaşının tətbiqi təklif olunur. Millət vəkili Vüqar Bayramov bu sahədə xarici ölkələrin təcrübəsinin öyrənilməsini və ölkəmizdə tətbiq imkanlarının qiymətləndirilməsini məqsədəuyğun hesab edir.
Sosialmedia.az Manset.az-a istinadən xəbər verir ki, Azərbaycanda pensiya yaşının gələcəkdə dəyişdirilməsi məsələsi əhalinin yaş strukturu, orta ömür uzunluğu, əmək bazarındakı vəziyyət və sosial təminat sisteminin dayanıqlılığı kontekstində müzakirə olunur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, pensiya yaşına diferensial yanaşmanın tətbiqi nəzərdən keçirilə bilər.
Deputat bildirib ki, bu yanaşma qadınlarla kişilərin pensiya yaşları arasında fərqin müəyyənləşdirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, Mərkəzi və Şərqi Avropanın bir sıra ölkələrində qadınların kişilərlə müqayisədə daha erkən pensiyaya çıxması təcrübəsi mövcuddur.
Vüqar Bayramov hesab edir ki, həmin təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiqi imkanlarının qiymətləndirilməsi məqsədəuyğun olardı. O, qadınların pensiya yaşında sosial təminat ehtiyaclarının nəzərə alınmasının məsələyə fərqli yanaşmanı zəruri etdiyini vurğulayıb.
Deputat qeyd edib ki, pensiya yaşının diferensiallaşdırılması ilə bağlı təkliflər mütəmadi olaraq gündəmə gətirilir. Bununla belə, təklifin gələcək taleyi müvafiq dövlət qurumlarının qiymətləndirməsindən və qəbul ediləcək qərarlardan asılı olacaq.
Qeyd edək ki, pensiya yaşının dəyişdirilməsi ilə bağlı hər hansı təklifin müzakirə edilməsi onun artıq qəbul edildiyi və ya qüvvəyə mindiyi demək deyil. Hazırda bu məsələ ilə bağlı mümkün dəyişikliklər barədə rəsmi qərar elan olunmayıb.
23 views
