Sosialmedia.az

İlham Əliyev korrupsiyaya qarşı mübarizədə yeni çağırışlardan danışdı

Prezident İlham Əliyev rəqəmsal inkişaf və süni intellektin korrupsiyaya qarşı mübarizə imkanlarını genişləndirdiyini, eyni zamanda yeni korrupsiya riskləri yaratdığını bildirib. Dövlət başçısı müasir texnoloji həllərdən səmərəli istifadənin vacibliyini vurğulayıb.

Sosialmedia.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına müraciətində yer alıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, eləcə də ictimai nəzarətin gücləndirilməsi bu sahədə mühüm əhəmiyyət daşıyır.

Prezident müraciətində Azərbaycanın ərazilərinin təxminən 30 il davam edən işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarına da toxunub.

Bildirilib ki, bu fəaliyyət regionun ekologiyasına ciddi ziyan vurub, əldə edilən külli miqdarda gəlir isə beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb.

İlham Əliyev rəqəmsal texnologiyaların inkişafının korrupsiyaya qarşı mübarizədə həm yeni imkanlar, həm də çağırışlar yaratdığını vurğulayıb.

“Rəqəmsal inkişaf, xüsusilə də süni intellektin sürətli yayılması korrupsiya ilə mübarizə imkanlarını genişləndirməklə yanaşı, korrupsiyanın yeni təzahürlərinin meydana gəlməsinə, rəqəmsal maliyyə alətlərindən sui-istifadəyə şərait yaradır”, – deyə müraciətdə qeyd olunub.

Dövlət başçısının sözlərinə görə, hüquq-mühafizə orqanlarının müasir texnoloji həllərin imkanlarından səmərəli istifadə etməsi bu cür cinayətlərin qarşısının alınması və effektiv araşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Prezident əminliyini ifadə edib ki, Bakıda keçirilən iclas çərçivəsində aparılacaq müzakirələr və irəli sürüləcək təkliflər İƏT üzv dövlətləri arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın güclənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və ölkələrin dayanıqlı inkişafına töhfə verəcək.

31 views