Sosialmedia.az

Əməkhaqqı ilə bağlı 200 milyon manatlıq təklif: Nələr dəyişəcək? – Foto

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə və bir neçə qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov minimum əməkhaqqının gəlir vergisindən azad olunmasını təklif edib. O bildirib ki, minimum əməkhaqqı alan vətəndaşların gəlirləri yüksək olmadığına görə vergiyə cəlb olunması arzuolunan deyil.

Maraqlıdır, bu təklif qəbul olunarsa, işçilər ilə minimum əməkhaqqı əsasında əmək müqaviləsi bağlanması tendensiya halını ala bilərmi?

Mövzu ilə bağlı Sosialmedia.az-ın suallarını cavablandıran deputat Vüqar Bayramov vurğulayıb ki, nominal minimum əməkhaqqı ilə real minimum əməkhaqqı arasında fərqlər mövcuddur:

Əməkhaqqı ilə bağlı 200 milyon manatlıq təklif: Nələr dəyişəcək? - Foto

“Əksər ölkələrdə minimum əməkhaqqı vergidən azaddır, biz də oxşar praktikanın Azərbaycanda tətbiq edilməsinin tərəfdarıyıq. Çünki nominal minimum əməkhaqqı ilə real minimum əməkhaqqı arasında fərq var. Hazırda minimum əməkhaqqı 400 manatdır və növbəti ildən etibarən Prezidentin göstərişinə uyğun olaraq minimum əməkhaqqının da artırılması nəzərdə tutulur.

Eyni zamanda, Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə hər il baxılması və artırılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, minimum əməkhaqqı hər il artırılacağı üçün həmin məbləğin vergidən azad olunması daha məqsədəuyğundur. Çünki hazırda minimum əməkhaqqından həm gəlir vergisi, həm məcburi dövlət sosial sığorta haqqı, həm işsizlikdən sığorta haqqı, həm də icbari tibbi sığorta haqqı tutulur.

Bu isə onu göstərir ki, praktik olaraq minimum əməkhaqqının bir hissəsi vergi və digər tutulmalar şəklində ödənilir. Hazırda özəl sektorda çalışanlar üçün 2 500 manatadək olan gəlir 3 faiz dərəcəsi ilə vergiyə cəlb olunur və 200 manatlıq vergi güzəşti tətbiq edilir. Ona görə də hazırkı minimum əməkhaqqı üzrə gəlir vergisi belə hesablanır: 400 manatdan 200 manat çıxılır və qalan məbləğin 3 faizi, yəni 6 manat gəlir vergisi tutulur.

Lakin növbəti ildən etibarən özəl sektorda gəlir vergisi 5 faizə çatacaq. Bu isə o deməkdir ki, növbəti ildən minimum əməkhaqqından tutulan gəlir vergisinin məbləği də artacaq.

Məcburi dövlət sosial sığorta haqqı 26 manat təşkil edir. Belə ki, 200 manatadək olan hissənin 3 faizi, 200 manatdan artıq olan hissənin isə 10 faizi tutulur. İşsizlikdən sığorta haqqı 2 manat, icbari tibbi sığorta haqqı isə 8 manatdır.

Göründüyü kimi, minimum əməkhaqqından həm vergilər, həm də digər sosial sığorta ödənişləri tutulur. Bu da real minimum əməkhaqqı məbləğinin nominal minimum əməkhaqqından fərqlənməsinə səbəb olur.

Ona görə də bizim təklifimiz minimum əməkhaqqının vergidən azad edilməsidir. Bu, xüsusilə aşağı əməkhaqqı alan vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə töhfə verə bilər. Minimum əməkhaqqı səviyyəsində gəlir əldə edən vətəndaşların sosial təminatının daha da yaxşılaşdırılması baxımından belə bir addımın atılması vacibdir”.

Deputat bu istiqamətdə addımların atılmasını məqsədəuyğun hesab edib:

“İlkin qiymətləndirmələrə görə, minimum əməkhaqqının vergidən azad edilməsinin büdcəyə təsiri təxminən 200 milyon manat təşkil edə bilər. Lakin hesab edirik ki, digər mənbələr hesabına bu vəsaiti kompensasiya etməklə, eləcə də vergi bazasını gücləndirmək və genişləndirməklə minimum əməkhaqqının vergidən azad edilməsi məsələsinə baxmaq, bu istiqamətdə addımlar atmaq mümkündür.

Minimum əməkhaqqının vergidən azad olunması ilə bağlı təklifin əsas mahiyyəti vətəndaşlarımızın real və nominal əməkhaqqı arasındakı fərqin minimuma endirilməsindən ibarətdir. Söhbət əslində gəlir vergisindən azadolunmadan gedir. Çünki sosial ödənişlər vətəndaşların pensiya kapitalının formalaşması baxımından vacibdir.

Hazırda özəl sektorda gəlir vergisi 3 faiz təşkil edir, növbəti ildən etibarən isə 5 faiz olacaq. Dövlət sektorunda bu göstərici 14 faizdir. Əmək müqaviləsinin bağlanması isə işləyən hər bir şəxs üçün məcburi və qanunun tələbidir.

Lakin bu təklif əmək müqavilələrinin sayına deyil, birbaşa az maaş alan vətəndaşlarımızın əməkhaqqı məbləğinə, daha dəqiq desək, onların real gəlirlərinə təsir göstərəcək.

Nəzərə alsaq ki, bu halda vergidən azad edilən məbləğ 200 manat deyil, minimum əməkhaqqı həcmində olacaq, bu, hətta minimum əməkhaqqından nisbətən yüksək maaş alan vətəndaşlarımızın da real əməkhaqqının artmasına səbəb ola bilər”.

36 views