Sosialmedia.az

Qış dekabrın 22-də başlayır: Bakıda gecə 14 saatdan uzun olacaq

Azərbaycanda astronomik qış dekabrın 22-də Bakı vaxtı ilə saat 00:50-də başlayacaq. Həmin gecə ilin ən uzun gecəsi, həmin gün isə ən qısa gündüzü olacaq.

Sosialmedia.az Şamaxı Astrofizika Rəsədxanasının məlumatına istinadən xəbər verir ki, qış gündönümü anında Cənub yarımkürəsi Günəşə maksimum yönəlir. Həmin vaxt Cənub qütbündə 24 saat gündüz, Şimal qütbündə 24 saat gecə olur. Bu andan Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində yay başlayır.

Bakının enliyində dekabrın 22-də gündüz 9 saat 17 dəqiqə 23 saniyə, gecə 14 saat 42 dəqiqə 37 saniyə davam edəcək. Günəş Bakıda saat 08:00-da doğacaq, 17:17-də batacaq, günorta üfüqdən cəmi 26,2 dərəcə hündürlükdə olacaq, bu, ilin ən aşağı göstəricisidir.

Niyə 21 yox, 22 dekabr

Dünyanın çox yerində qışın başlanğıcı 21 dekabr kimi bilinir. Gündönümü anı dünya vaxtı ilə dekabrın 21-də saat 20:50-dir, Bakı vaxtı 4 saat irəli olduğu üçün bizdə bu an gecəyarını keçir və 22-nə düşür.

Qış nə qədər çəkəcək

Astronomik qış 88 gün 23 saat 34 dəqiqə davam edəcək və 2027-ci il martın 21-də saat 00:24-də yaz bərabərliyi ilə bitəcək.

Rəsədxananın məlumatına görə, Yerlə Günəş arasındakı orta məsafə 149 597 870 kilometrdir, Yer elliptik orbitlə hərəkət etdiyinə görə bu məsafə il ərzində dəyişir. Orbitin Günəşə ən yaxın nöqtəsi periheli, ən uzaq nöqtəsi afeli adlanır. Yer növbəti dəfə perihelidən 2027-ci il yanvarın 3-də səhər saat 06:32-də, Günəşdən 147 104 592 kilometr məsafədə keçəcək.

Məlumata görə, Yerin orbitinin bu xüsusiyyəti Şimal yarımkürəsində fəsillərin gedişini bir qədər yumşaldır.

60 views