Bu spirtli içkilər böyrəklərə ciddi zərər vura bilər – ARAŞDIRMA

Pivə və yüksək dərəcəli spirtli içkilərin müntəzəm istifadəsi böyrəklərin kəskin zədələnməsi riskini artıra bilər. Alimlər qırmızı və ağ şərabın istifadəsi ilə bu risk arasında isə statistik baxımdan əhəmiyyətli əlaqə aşkar etməyiblər.

Sosialmedia.az xəbər verir ki, bu barədə “Scientific Reports” jurnalında dərc olunan araşdırmada bildirilib.

Böyük Britaniyanın Anqlia Raskin Universitetinin tədqiqatçıları 250 791 nəfərin sağlamlıq məlumatlarını təhlil ediblər. Təxminən 14 il davam edən müşahidə müddətində iştirakçılar arasında 10 335 kəskin böyrək zədələnməsi halı qeydə alınıb.

Nəticələrə görə, yüksək dərəcəli spirtli içkilərdən daha çox istifadə edənlərdə böyrəklərin kəskin zədələnməsi riski ən az istifadə edənlərlə müqayisədə 25,5 faiz yüksək olub. Pivə istehlakında isə bu göstərici 14,8 faiz təşkil edib.

Tədqiqatçılar qırmızı və ağ şərabın istifadəsi ilə böyrək zədələnməsi arasında statistik əhəmiyyətli əlaqə müəyyən etməyiblər. Bununla belə, bu nəticə şərabın böyrəklər və ümumi sağlamlıq üçün təhlükəsiz olduğu anlamına gəlmir.

Alimlər vurğulayıblar ki, araşdırma spirtli içkilərlə böyrək zədələnməsi arasında əlaqəni göstərir, lakin birbaşa səbəb-nəticə münasibətini sübut etmir.

Qeyd olunub ki, kəskin böyrək zədələnməsi sonradan xroniki böyrək xəstəliyi, böyrək çatışmazlığı və vaxtından əvvəl ölüm riskini artıra bilər.

35 views