Sosialmedia.az

10 ayda 1 milyon 155 min şəxsə 1,8 milyard manatdan çox sosial ödəniş edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 2026-cı ilin yanvar-oktyabr aylarında 1 milyon 155 min şəxsə ümumilikdə 1 milyard 883 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə 526 min nəfərə 1 milyard 57 milyon manat sosial müavinət, 408 min nəfərə 677 milyon manat Prezident təqaüdü, 221 min nəfərə isə 149 milyon manat sosial sığorta hesabına müavinət verilib.

Ödənilən vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə sosial müavinətlər və Prezident təqaüdləri üzrə 10 faiz, sosial sığorta hesabına ödənilən müavinətlər üzrə isə 3 faiz artıb.

Məlumata görə, cari ilin ilk 10 ayında daha 123 min müavinət və təqaüdün təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Ümumilikdə, sosial ödənişlərin elektron təyinatına başlanılan 2019-cu ildən indiyədək 1 milyon müavinət və təqaüd proaktiv qaydada təyin edilib.

Bu mexanizm vətəndaşların müraciət etmədən, müvafiq məlumatlar əsasında sosial təminat hüquqlarının elektron qaydada reallaşdırılmasına imkan verir.

73 views