Sosialmedia.az

Səyahət stresi hava nəqliyyatında tələbatı ləngidir: 10 səyahətçidən 4-ü uçuşdan imtina edir

Səyahət zamanı yaşanan stress insanların uçuş qərarlarına ciddi təsir göstərir. SITA-nın 2026-cı il üzrə apardığı sorğunun nəticələrinə əsasən, hər 10 səyahətçidən təxminən 4-ü səfər zamanı yarana biləcək stressi nəzərə alaraq səyahətdən imtina edib.

Sosialmedia.az xəbər verir ki, bu mənfi tendensiya xüsusilə tez-tez uçan sərnişinlər və 30 yaşdan kiçik səyahətçilər arasında daha çox müşahidə olunur.

SITA-nın baş direktoru Devid Lavorelin sözlərinə görə, aviaşirkətlər, hava limanları və sərhəd nəzarəti qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi, eləcə də süni intellekt texnologiyalarından istifadə sərnişinlərin səyahət təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Onun fikrincə, sərnişinlərin vaxtında məlumatlandırılması, növbələrin və gecikmələrin azaldılması, itirilmiş rezervasiyaların bərpası və terminalda gözləmə vaxtının daha səmərəli təşkili səyahət stresinin qarşısını almağa kömək edə bilər.

Sorğunun nəticələrinə görə, sərnişinlərin 80 faizi texnologiyanın səyahət zamanı yaranan stressi azalda biləcəyinə inanır.

Birləşmiş Ərəb Əmirliklərinin təcrübəsi də texnologiyanın bu sahədə effektivliyini göstərir. Belə ki, sərhəd nəzarətində texnoloji həllərdən istifadə edən sərnişinlər arasında mənfi emosiyalar yaşayanların payı cəmi 13 faiz təşkil edib.

Araşdırma göstərir ki, müasir texnologiyaların hava nəqliyyatına inteqrasiyası yalnız xidmət keyfiyyətini yüksəltmir, həm də sərnişinlərin səyahət qərarlarına və aviasiya sektoruna olan etimadına müsbət təsir göstərə bilər.

97 views