Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinə hazırlıq məqsədilə sınaq imtahanları təşkil olunacaq.
Sosialmedia.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, sınaq imtahanları noyabrın 24-də keçiriləcək. İmtahan prosesi “Microsoft Teams” platforması üzərindən onlayn formada təşkil olunacaq. İştirakçılar saat 15:00-dan etibarən növbəti 24 saat ərzində imtahana qoşula biləcəklər.
Sınaq imtahanının müddəti 120 dəqiqə olacaq və iştirakçılara ümumilikdə 60 sual təqdim ediləcək.
Suallar aşağıdakı istiqamətləri əhatə edəcək:
-
Məktəbəqədər təhsilin məzmunu və metodikası;
-
Uşaq psixologiyası;
-
Yaş psixologiyası.
İmtahan zamanı səhv cavablar yekun nəticəyə təsir göstərməyəcək. Hər bir namizədə sınaq imtahanında yalnız bir dəfə iştirak etmək imkanı veriləcək.
Sualların əhatə etdiyi sahələr və mövzularla bağlı ətraflı məlumat “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirilmə çərçivəsi” sənədində əks olunub.
Qeyd edək ki, sertifikatlaşdırmanın əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşə yararlılığını obyektiv qiymətləndirməkdir.
87 views
