Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrində pasiyentlərə 84 milyon tibbi xidmət göstərilib.
Sosialmedia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, göstərilən tibbi xidmətlərin 88 faizini ambulator, 12 faizini isə stasionar xidmətlər təşkil edib.
Bildirilib ki, 10 ay ərzində dövlət tibb müəssisələrinə 5 milyondan çox şəxs ümumilikdə 22 milyon müraciət edib. Müraciət edənlərin 1,5 milyondan çoxu uşaqlar olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə pasiyentlərin sayı 3,2 faiz, müraciətlərin sayı 6,7 faiz, göstərilən tibbi xidmətlərin sayı isə 6,7 faiz artıb.
Beləliklə, icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrində tibbi xidmətlərə tələbatda artım müşahidə olunub.
54 views
