Sosialmedia.az

“WhatsApp”dan internet paketi almaq mümkün olacaq

WhatsApp” istifadəçilərə tətbiqdən çıxmadan eSIM internet paketləri almaq imkanı verən yeni funksiya üzərində işləyir.

Sosialmedia.az xəbər verir ki, bu barədə “WABetaInfo” saytı məlumat yayıb.

Məlumata görə, “1Global” şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan yenilik xarici ölkələrə səfər edən istifadəçilərə yerli SIM-kart almadan internetə qoşulmağa imkan verəcək. İstifadəçilər səfər edəcəkləri ölkəni seçərək sabit həcmli və ya limitsiz internet paketləri arasından seçim edə biləcəklər.

Paket alındıqdan sonra eSIM telefona avtomatik quraşdırılacaq və cihaz təyinat ölkəsində mobil şəbəkəyə qoşulduqda aktivləşəcək. “WhatsApp” internet paketinin istifadəyə başladığı barədə istifadəçiyə bildiriş də göndərəcək.

Yeni funksiya əsas telefon nömrəsinə təsir etməyəcək. Belə ki, istifadəçilər əsas SIM-kartlarını çıxarmadan eSIM vasitəsilə xaricdə internetdən yararlana biləcəklər. İstəyənlər isə eSIM-ə aid nömrəni tətbiqdə ikinci hesab kimi qeydiyyatdan keçirə biləcəklər.

İnternet paketi bitdikdə və ya müddəti başa çatdıqda istifadəçiyə xəbərdarlıq göndəriləcək. Yeni paketi yenidən eyni bölmədən almaq mümkün olacaq.

Qeyd edək ki, funksiya hazırda “Android” üçün “WhatsApp” beta versiyasının 2.26.47.4 yeniləməsində hazırlanır. Yenilik hələlik istifadəçilər üçün əlçatan deyil və onun geniş istifadəyə veriləcəyi tarix açıqlanmayıb.

64 views