Sosialmedia.az

Hansı dövlət rüsumu dörd dəfə azaldılır?

Məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun 100 manatdan 25 manata endirilməsi təklif olunur.

Sosialmedia.az xəbər verir ki, bu məsələ Milli Məclisin noyabrın 27-də keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə dövlət rüsumunun hesablanması qaydasının da dəyişdirilməsi nəzərdə tutulur. Belə ki, rüsum iddianın ümumi məbləği deyil, yalnız mübahisələndirilən hissəsi əsasında müəyyən ediləcək.

Qeyd edək ki, Mülki Prosessual Məcəlləyə əsasən, əmr icraatı müəyyən pul məbləğinin ödənilməsi və ya əmlakın tələb edilməsi ilə bağlı aşkar və ya borclu tərəfindən mübahisələndirilməyən tələblərə tətbiq olunur.

Məcəllənin 280-ci maddəsinə görə, məhkəmə əmri tələb daxil olduğu gündən üç gün ərzində, məhkəmə baxışı keçirilmədən və tərəflər çağırılmadan çıxarılır. Məhkəmə əmri özü də icra sənədi hesab edilir.

Hazırda məhkəmə əmri haqqında ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. Təklif olunan dəyişiklik bu məbləğin 25 manata endirilməsini nəzərdə tutur.

Qanun layihəsinin əsas məqsədlərindən biri aşkar və mübahisəsiz tələblər üzrə vətəndaşların daha operativ olan əmr icraatı qaydasına müraciət etməsini təşviq etməkdir. Bildirilib ki, dövlət rüsumunun azaldılması məhkəmə xərclərinin aşağı salınmasına və məhkəmə resurslarından daha səmərəli istifadəyə imkan yaradacaq.

Bundan başqa, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətləri üzrə dövlət rüsumunun yalnız mübahisələndirilən hissəyə uyğun hesablanması şikayət verən şəxslərin maliyyə yükünü azaldacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, təklif olunan dəyişikliklər hələ qanun qüvvəsinə minməyib.

60 views