Sosialmedia.az

Orta ixtisas təhsil müəssisələrində boş qalan yerlər üzrə ixtisas seçimi elan edildi

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi elan edilib.

Sosialmedia.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, ixtisas seçimi sentyabrın 8-dən 10-u saat 23:59-dək aparılacaq.

Boş qalan yerlər üzrə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün qəbul imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən, riyaziyyat fənni üzrə balı isə 10-dan az olmayan abituriyentlər ixtisas seçiminə buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə ümumi balı 50-dən az olmayan və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanından “məqbul” alan abituriyentlər iştirak edə bilərlər. Bu ixtisaslar üzrə fənlərə dair bal məhdudiyyəti tətbiq edilmir.

İxtisas seçimi internet vasitəsilə həyata keçirilir. İxtisas seçmək hüququ olan abituriyent dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçərək “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidir.

İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı bu ardıcıllıq nəzərə alınır və abituriyent keçdiyi ixtisaslar arasında ardıcıllıq üzrə ilk ixtisasa yerləşdirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq qabiliyyət imtahanından “məqbul” alan abituriyentlər seçə bilərlər. Onlar bu ixtisaslarla yanaşı, digər ixtisasları da seçimlərinə daxil edə bilərlər.

Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. Jurnalı DİM-in əsas inzibati binasından, “Abituriyent” satış məntəqəsindən və kitab mağazalarından əldə etmək, həmçinin “Abituriyent”in internet səhifəsi və Wolt tətbiqi vasitəsilə sifariş etmək mümkündür.

Jurnalın elektron versiyasını PDF formatında “Abituriyent”in internet səhifəsindən ödəniş etməklə əldə etmək olar.

146 views