Metro xətlərinin ayrılması layihəsi ilə əlaqədar təşkil edilən M4 və M6 nömrəli ekspres avtobusların “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə rahat və maneəsiz daxil olmasını təmin etmək məqsədilə metronun şimal çıxışında, “Atletlər kəndi” istiqamətində hərəkət sxemində dəyişiklik edilib.
Sosialmedia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, ərazidə əvvəllər mövcud olan “cib” tipli dayanacaqlardan biri müntəzəm avtobuslar, digər ikisi isə minik avtomobillərində sərnişinlərin mindirilib-düşürülməsi üçün istifadə olunurdu.
Yeni dəyişikliklərə əsasən, 2-ci “cib” yalnız M4 və M6 ekspres marşrutları üçün ayrılıb. Həmin hissədə avtobus zolağı təşkil edilib, ərazidə müvafiq yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib.
Dəyişiklik nəticəsində eyni ərazidən istifadə edən ekspres və müntəzəm avtobusların daha nizamlı fəaliyyəti, eləcə də sərnişin axınının ayrılması təmin olunub.
Sərnişinlərin metro stansiyasına təhlükəsiz keçidini təmin etmək məqsədilə ərazidə piyada keçidi də təşkil edilib.
219 views
