WhatsApp iPhone istifadəçiləri üçün yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. Yenilik sayəsində kontaktlar və sevimli şəxslər ayrıca bölmədə birləşdiriləcək. İstifadəçilər yeni söhbət başlatmaq, tez-tez əlaqə saxladıqları şəxsləri tapmaq və kontaktları idarə etmək imkanını daha rahat əldə edəcəklər.
Sosialmedia.az xarici mediaya istinadən bildirir ki, WhatsApp yeni “Kontaktlar” bölməsini məhdud sayda iPhone istifadəçisi üçün istifadəyə verib. Teknoblog nəşrinin məlumatına görə, funksiya TestFlight vasitəsilə yayımlanan 26.44.10.70 beta versiyasında sınaqdan keçirilir.
Yeni bölmə tətbiqin aşağı naviqasiya panelində “İcmalar” (Communities) bölməsinin yerini tutur. Burada ekranın yuxarı hissəsində sevimli kontaktlar, aşağı hissəsində isə ümumi əlaqə siyahısı yerləşdirilir. Beləliklə, istifadəçilər ayrı-ayrı menyular arasında keçid etmədən istədikləri şəxsi daha tez tapa biləcəklər.
Kontaktları aktivliyə, əlifba sırasına və doğum tarixinə görə çeşidləmək də mümkün olacaq. Bundan əlavə, yeni bölmədə kontakt əlavə etmək üçün ayrıca düymə yerləşdirilib. İstifadəçilər ad, soyad və telefon nömrəsi kimi məlumatları daxil edə biləcəklər. Beta versiyasında istifadəçi adı ilə bağlı sahə də nəzərdə tutulub.
Yenilik məxfilik parametrlərini də nəzərə alır. Belə ki, kontaktların onlayn statusu yalnız həmin şəxslərin məxfilik seçimləri buna icazə verdiyi halda görünəcək.
Digər tərəfdən, “İcmalar” bölməsi tətbiqdən tamamilə silinmir. İstifadəçilər bu bölməyə söhbətlər ekranındakı müvafiq filtr vasitəsilə daxil ola biləcəklər. Bu dəyişiklik mövcud icmaların və qrupların ləğvi demək deyil.
Qeyd edək ki, WhatsApp yeniliyi mərhələli şəkildə təqdim edir. Eyni beta versiyasını quraşdıran bütün istifadəçilər yeni funksiyaya dərhal çıxış əldə etməyə bilər. Şirkət “Kontaktlar” bölməsinin bütün iPhone istifadəçiləri üçün nə vaxt istifadəyə veriləcəyini hələ açıqlamayıb
37 views
