QHT sədri əlilliyi olan şəxslərin seçki hüquqlarının təmin edilməsi üçün görülən tədbirlərdən danışıb-Özəl

Sosialmedia. az xəbər verir ki , Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova, əlilliyi olan şəxslərin seçki hüquqlarının təmin edilməsi və onların seçkilərdə iştirakı üçün həyata keçirilən tədbirləri ətraflı şəkildə izah etdi.

 

Onun sözlərinə görə, qanunvericiliyin tələbinə əsasən, əlilliyi olan şəxslərin səsvermə prosesində iştirakı təmin edilir. Seçki Məcəlləsinin 17-ci maddəsinə görə, seçki orqanları əlilliyi və ya digər fiziki pozuntusu olan şəxslərin, eləcə də uzaq məsafədə yaşayan, yolu çətin keçilən ərazilərdən gələn seçicilərin səsvermədə iştirakı üçün bütün imkanları yaratmalıdırlar.

 

Səbinə Kərimova qeyd etdi ki, Seçki Məcəlləsinin 104-cü maddəsinə əsasən, əlillik səbəbindən seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan seçici istədiyi şəxsi kömək üçün kabinəyə çağıra bilər, müşahidəçi və seçki komissiyasının üzvləri istisna olmaqla. Əlil arabasından istifadə edən şəxslər üçün seçki məntəqələrində panduslar quraşdırılmalıdır. Seçkidə iştirak hüququ olan fiziki məhdudiyyətli şəxslər üçün məntəqələrdə panduslar və ya quraşdırılması üçün şərait yoxdursa, o zaman onların evlərinə seçki qutuları göndərilir ki, onlar rahat şəkildə səs verə bilsinlər. Görmə qabiliyyəti məhdud olan seçicilər üçün isə “Brayl əlifbası” ilə seçki bülletenlərinin çap edilməsi həyata keçirilir.

 

Qeyd edək ki, bu tədbirlər əlilliyi olan şəxslərin seçkilərdə iştirakını asanlaşdırmaq və onların seçki hüquqlarını tam təmin etmək məqsədi daşıyır.

621 views