Sosialmedia.az

Türk dünyasında yeni siyasi mərhələ: “Əbədi Dostluq” nə vəd edir?

“Artıq bir neçə gündür ki, bütün dünyanın nəzər-diqqəti Özbəkistana yönəlmişdi. Bu da səbəbsiz deyildi. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı mühüm sənədlərin imzalanması və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi bu gözləntilərin heç də əsassız olmadığını göstərdi. Səfərlə bağlı ətraflı məlumat verildiyi üçün mən səfərin bir məqamı üzərində xüsusilə dayanmaq istəyirəm. Bu da cənab Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən Azərbaycanın xarici siyasətinin təkcə Cənubi Qafqazda deyil, Mərkəzi Asiyada da yüksək dəyərləndirilməsi ilə bağlıdır”.

Bunu Sosialmedia.az saytına açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi”nin (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.

Nadir Azəri bildirib ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinin liderləri tərəfindən xüsusi rəğbətlə qəbul edilməsi, ümumiyyətlə, Mərkəzi Asiya ölkələri və xalqları tərəfindən Prezidentin işgüzar nüfuzunun ən yüksək səviyyədə dəyərləndirilməsi heç kimə sirr deyil:

“Elə Özbəkistana səfər də bu dəyərləndirmə, hörmət fonunda keçdi. Cənab Prezidentin Özbəkistana səfəri həm də iki qardaş ölkə arasında Əbədi Dostluq haqqında müqavilənin imzalanması ilə yadda qaldı. Hesab edirəm ki, bu, sıradan bir sənəd deyil. Bu, xalqlarımızın tarixinin dərinliklərindən gələn qardaşlıq əlaqələrinin bundan sonra da daha da dərinləşərək əbədiyyətə qədər dostluq şəklində davam edəcəyinin bütün dünyaya bəyanıdır”.

mvpnyvguoe.webp

Fotoda: siyasi şərhçi Nadir Azəri

Siyasi şərhçinin qənaətinə görə, Əbədi Dostluq haqqında sənəd və bundan öncə Qırğızıstanda imzalanmış sənəd özündə Şuşa Bəyannaməsinin ruhunu, eyni zamanda 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfərin ruhunu daşıyır:

“Şuşa Bəyannaməsi Azərbaycanın tarixi Zəfərindən güc alırsa, Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi də məhz Şuşa Bəyannaməsinin imzalanmasından sonra reallaşdı. Yəni Azərbaycanın tarixi Zəfəri nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, Türk dünyasında da yeni bir inkişaf dövrü başladı. Bu inkişaf dövründə biz Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının daha da dərinləşdiyinin şahidi oluruq”.

Nadir Azəri hesab edir ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsi, Özbəkistan isə Mərkəzi Asiya ölkələri sırasında lider dövlətlərdən biri olaraq qardaşlıq əlaqələrini Əbədi Dostluq əlaqələrinə çevirirlərsə, bu, eyni zamanda Cənubi Qafqazla Mərkəzi Asiya arasındakı əlaqələrin də daha da dərinləşməsi demək olacaq.

“Ümumilikdə hesab edirəm ki, bu səfər yuxarıda bəhs etdiyimiz məqamlarla yadda qaldı. Eyni zamanda, bu səfər bir daha sübut etdi ki, Azərbaycan Prezidentinə Türk dünyasında, Cənubi Qafqazda və eyni zamanda qardaş Özbəkistanda xüsusi rəğbətlə yanaşılır. Azərbaycan Prezidentinin həyata keçirdiyi Türk dünyasının və Cənubi Qafqazın inkişafı siyasəti birmənalı olaraq dəstəklənir.

Bu da onu deməyə əsas verir ki, yaxın vaxtlarda regionumuzda – istər Cənubi Qafqaz, istərsə də Mərkəzi Asiya formatında – yeni siyasi təşkilatlanma və siyasi mərkəzləşmə mümkünləşə bilər. Bu siyasi mərkəzləşmə prosesi daha da dərinləşə bilər ki, bu da yalnız və yalnız xalqların və dövlətlərin mənafeyinə, sülhə və sabitliyə xidmət edir”, – deyə siyasi şərhçi sonda bildirib.

132 views