Azərbaycanda dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər oktyabr-noyabr aylarında sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.
Sosialmedia.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında deyib.
O bildirib ki, 1300 tərbiyəçi-müəllim müxtəlif meyarlar üzrə qiymətləndirmələrdən keçərək məktəbəqədər təhsil müəssisələrində fəaliyyətə başlayıb. Həmin şəxslər test imtahanı və müsahibə mərhələsindən uğurla keçmiş ixtisaslı kadrlardır.
Eşqi Bağırovun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi də həyata keçirilib. Ötən illərdə bu prosesdə 12 minə yaxın tərbiyəçi iştirak edib.
MÜTDA direktoru qeyd edib ki, tərbiyəçi kadrların inkişafı və əməyinin stimullaşdırılması istiqamətində növbəti mərhələ onların sertifikatlaşdırma prosesinə cəlb olunmasıdır.
Onun sözlərinə görə, sertifikatlaşdırma prosesi oktyabr-noyabr aylarında təşkil ediləcək.
186 views
