Dövlət İmtahan Mərkəzi (DİM) taksi minik avtomobili sürücüləri üçün sentyabrın 17-də növbəti imtahan təşkil edəcək.
Sosialmedia.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak etmək üçün 1516 nəfər qeydiyyatdan keçib.
İmtahan DİM-in elektron imtahanlar korpusunda, Naxçıvan şəhəri 4 nömrəli orta məktəbdə, DİM-in Bərdə regional bölməsində və Gəncə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcək.
İmtahanın müddəti 1 saatdır. İştirakçılar imtahanı başa çatdırdıqda və ya ayrılmış vaxt tamamlandıqda nəticələri ilə tanış ola biləcəklər. Nəticələr, həmçinin DİM-in rəsmi saytında yerləşdiriləcək.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə əldə edə bilərlər.
İştirakçılar imtahana gələrkən “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər. Bu sənədlərdən biri olmadıqda və ya sənədlərdə uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı, eləcə də avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını tənzimləyən normativ hüquqi aktlarla bağlı 20 test tapşırığı təqdim ediləcək.
Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv cavablar isə düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.
10 və daha çox bal toplayan namizədlər imtahanı müvəffəqiyyətlə vermiş hesab olunacaqlar. Onlara 7 il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.
159 views
