Sosialmedia.az

Bayram günlərində yollarda qəzaların sayı artıb – DYP-dən xəbərdarlıq

Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayında artım müşahidə olunur. Bu isə xüsusilə bölgələrdə yol-nəqliyyat hadisələrinin sayına da təsir göstərir.

Sosialmedia.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) xəbərdarlıq yayıb.

Bildirilib ki, son günlər əsasən toqquşma, aşma və maneəyə çırpılma ilə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınır.

Qəzaların başlıca səbəbləri arasında sürücülərin getdikləri yollara bələd olmaması, mürəkkəb relyefə malik ərazilərdə kifayət qədər sürücülük təcrübəsinə malik olmaması, yorğun və yuxusuz vəziyyətdə avtomobil idarə etməsi, əlverişsiz hava şəraitini və məhdud görünməni nəzərə almaması, eləcə də texniki nasazlığı olan nəqliyyat vasitələrindən istifadə etməsi göstərilir.

DYP-nin xəbərdarlığında qeyd olunur ki, son illər səfərlərin təşkilində kirayə avtomobillərdən istifadəyə də üstünlük verilir. Bu zaman nəqliyyat vasitəsinin texniki vəziyyətinin, eləcə də xidmətindən istifadə edilən sürücünün peşəkarlığının əvvəlcədən yoxlanılması mühüm əhəmiyyət daşıyır.

37 views