Sosialmedia.az

Vaxtından əvvəl doğulan 117 körpəyə icbari tibbi sığorta hesabına 276 tibbi xidmət göstərilib

Vaxtından əvvəl doğulan azçəkili körpələrin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta çərçivəsində qarşılanır.

Sosialmedia.az xəbər verir ki, cari ilin ilk 9 ayı ərzində vaxtından əvvəl doğulma diaqnozu ilə 117 körpəyə ümumilikdə 276 tibbi xidmət göstərilib.

Bu kateqoriyaya hamiləliyin 37-ci həftəsi tamamlanmadan dünyaya gələn uşaqlar daxildir. Belə körpələr, adətən, az çəki ilə doğulur və tənəffüs sistemi xəstəlikləri, sarılıq, beyin qanaxmaları, görmə və eşitmə problemləri, eləcə də inkişaf geriliyi kimi müxtəlif sağlamlıq riskləri ilə üzləşirlər.

Vaxtında göstərilən tibbi yardım, xüsusi neonatal qulluq və erkən reabilitasiya xidmətləri bu risklərin azaldılmasında mühüm rol oynayır.

İcbari tibbi sığorta hesabına körpələrin sağlamlıq vəziyyətinə uyğun olaraq oksigen terapiyası, ürək-damar sisteminin monitorinqi, CPAP və ya süni tənəffüs dəstəyi, xüsusi qidalanma və digər zəruri tibbi xidmətlər təmin edilir.

Müalicə müddətində körpələrin nəbzi, tənəffüsü, qanda oksigen səviyyəsi və bədən hərarəti davamlı nəzarətdə saxlanılır. Həmçinin laborator və instrumental müayinələr aparılır.

Bundan başqa, mümkün fəsadların vaxtında aşkarlanması məqsədilə vaxtından əvvəl doğulan körpələrin görmə və eşitmə müayinələri də icbari tibbi sığorta çərçivəsində qarşılanır. Belə ki, retinopatiyanın (ROP) aşkarlanması üçün göz müayinələri, eşitmə funksiyasının qiymətləndirilməsi üçün isə audioloji müayinələr həyata keçirilir.

65 views