Bu gün, noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.
Sosialmedia.az xatırladır ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da hökumətin iclasında qəbul edilib. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə həmin bayraq dövlət bayrağı statusu alıb.
2009-cu ildə Əmək Məcəlləsinə edilən dəyişikliklə 9 noyabr qeyri-iş günü olan bayramlar sırasına daxil edilib.
“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanuna əsasən, Azərbaycanın Dövlət Bayrağı mavi, qırmızı və yaşıl rəngli üç üfüqi zolaqdan ibarətdir. Bayraq ölkəmizin dövlət suverenliyinin və milli kimliyinin rəmzidir.
Bakıda Dövlət Bayrağı Meydanının yaradılması ilə bağlı sərəncam 2007-ci il noyabrın 17-də imzalanıb. Meydanın açılışı 2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.
Dövlət Bayrağı Meydanında ucaldılan bayrağın eni 36 metr, uzunluğu 72 metr, çəkisi isə 500 kiloqramdan artıqdır. Meydanda, həmçinin Dövlət Bayrağı Muzeyi fəaliyyət göstərir.
Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edir, üçrəngli bayrağımızın daim ucalarda dalğalanmasını arzulayırıq!
29 views
